Sizin Reklam Burada!
Son Xəbərlər

"Quru sərhədi bağlı olan ölkədə turizm inkişaf edə bilməz"



Azərbaycan 2023-cü ildə turizmdən 1,4 mlrd. dollar gəlir əldə edib, ölkəyə cəmi 2 mln. 85 min turist gəlib – hər bir turist ortalama 671 dollar vəsait xərcləyib.

Publika.az axar.az-a istinadən xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O, turizm baxımından digər qonşu ölkələrlə müqayisələr aparıb:

“Gürcüstana 2023-cü ildə 5.1 mln. turist gəlib, ölkənin turizmdən gələn gəliri 4,8 mlrd. dollar olub – hər bir turist ortalama 941 dollar xərcləyib.

Ermənistana 2023-cü ildə 2 mln. 300 min turist gəlib, 2023-cü ilin tamamı ilə bağlı son məlumatları tapa bilmədim, amma 2023-cü ilin 9 ayında həmin ölkə turizmdən 2,1 mlrd. dollar vəsait qazanıb.

Qardaş Türkiyənin turizm uğurları isə ümumən fantastikdir – 2023-cü ildə qardaş ölkəyə 57 mln. 700 min turist səfər edib. Türkiyənin turizmdən gəliri 54 mlrd. 300 mln. Dollardır. Müqaisə üçün deyim ki, Azərbaycan 2023-də neft-qaz, neft məhsullarının satışından 30 mlrd. dollar vəsait qazanıb”.

Ekspert xatırladıb ki, turizm multiplikativ effekt yarada bilən, iqtisadiyyatda ardınca ən azı 10-11 sahəni də dartıb apara biləcək potensialı olan sahədir:

“Azərbaycan hökuməti bir yandan turizmi prioritet elan edib, digər yandan bu sahəni boğmaqla məşğuldur. Quru sərhədi bağlı olan ölkədə turizm inkişaf edə bilməz, bu, mümkün deyil”.

N.Cəfərli turizmin inkişafı üçün sərhədləri açmağın vacibliyinə diqqət çəkib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da